
16 noyabr 2025-ci il tarixində Avrasiya Tərcümə Mərkəzinin təşkilatçılığı, “Zirvə” Gənclərin İnkişaf Klubu, “Gənclərin səsi” könüllü platforması və Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin birgə dəstəyi ilə “Ana dilimizdə gözəl danışaq!” adlı Natiqlik Seminarı keçirilib. Tədbir nitq mədəniyyətinin inkişafına, inamlı və təsirli çıxış bacarıqlarının formalaşdırılmasına hədəflənmişdi. Seminarda millət vəkili Ceyhun Məmmədov, nitq təlimçisi Fatimə Süleymanlı və ünsiyyət bacarıqları üzrə təlimçi Zaur Cahangirov spiker qismində çıxış ediblər.
Ceyhun Məmmədov nitqində Azərbaycan dilinin millətimiz üçün böyük əhəmiyyət daşıdığını, xalqımızın ana dilini yaşatmasının vacibliyini və bu mövzunun yaratdığı patriotik hissləri xüsusi vurğulayıb. Spikerlər nitqin emosional təsiri, səhnə davranışı, auditoriya ilə düzgün ünsiyyət qurma, həyəcanın idarə edilməsi və effektiv təqdimat metodları haqqında öz təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. Tədbir interaktiv formatda təşkil olunub. Praktiki tapşırıqlar bölməsi iştirakçılar tərəfindən xüsusilə maraqla qarşılanıb. Tədbir sual-cavab əsasında davam edib. Qonaqlar spikerlərə birbaşa müraciət edərək şəxsi təcrübələrinə uyğun suallar ünvanlayıb, məsləhətlər əldə ediblər. Seminar iştirakçılara nitq mədəniyyətini inkişaf etdirmək, ana dilində daha aydın və təsirli danışmaq üçün yeni bacarıqlar qazanmaq imkanı yaradıb. Avrasiya Tərcümə Mərkəzi gələcəkdə də bu istiqamətdə maarifləndirici layihələr həyata keçirməyi planlaşdırır.