44 günlük Vətən Müharibəsi göstərdi ki, erməni dilini bilmək çox vacib məsələdir. Torpaqlarımız uğrunda aparılan müharibə və mübarizə yalnız cəbhə xəttində deyil, eyni zamanda ideoloji və təbliğat cəbhəsində də gedir. Mənfur düşmənimiz sosial şəbəkələrdə ölkəmizlə bağlı çoxsaylı məlumatlar paylaşır. Ölkəmizdə erməni dili biliklərinə sahib mütəxəssislər çox az olduğu və biz düşmənin dilini bilmədiyimiz üçün onların bizim haqqımızda yaydığı dezinformasiya xarakterli məlumatların ifşa edilərək dünyaya tanıdılmasında çətinlik çəkirik. Artıq bir neçə müddətdir ki, BDU-da Tarix fakültəsinin nəzdində Qafqazşünaslıq ixtisasında təhsil alan tələbələrə erməni dili tədris olunur. Eyni zamanda Xocalı qatillərindən biri Vaqif Xaçaturyanın məhkəmə prosesində tərcüməçilik edən İsmayıl Tanrıverdi də BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktorudur. Azərbaycan Dillər Universiteti də bu məsələnin vacibliyini ön plana çəkərək bu il tərcümə fakültəsində erməni dilinin tədrisinə başlamışdır. Düşmənin dilini öyrənmək onlara qarşı meydan oxuyan cəsarətli bir hərəkətdir. Belə bir deyim də vardır: "düşməninə qalib gəlmək üçün ilk öncə onun dilini və mədəniyyətini öyrənməlisən".