
"Avrasiya" tərcümə mərkəzinin dəstəyi, "Zirvə Gənclərinin İnkişaf Klubu” və “Gənclərin Səsi” könüllü platformasının təşkilatçılığı ilə "Tərcüməçilik peşəsinin sirri: keçmişə və gələcəyə baxış” adlı tədbir baş tutdu. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bu hissə tədbirə rəsmi və mənəvi bir ruh qatdı.
Açılış nitqi ilə “Zirvə Gənclərinin İnkişaf Klubu”-nun sədri Fidan İsayeva çıxış etdi. O, tədbirin əhəmiyyətini vurğuladı və iştirakçıları salamlayaraq bu təşəbbüsün gənclər üçün nə qədər faydalı olacağından bəhs etdi. Daha sonra təşkilatçılardan Şəhanə Abbasova və Madər Şikarova çıxış edərək tədbirin əsas məqsədi, planlaşdırılan fəaliyyətlər və iştirakçılar üçün yaradılan imkanlar barədə məlumat verdilər. Onlar həmçinin gənclərin peşəkar inkişafında bu cür layihələrin oynadığı rola diqqət çəkdilər. Tədbirin əsas qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov oldu. O, öz dəyərli çıxışı ilə tərcüməçilik peşəsinin keçmişi, bu günkü rolu və gələcək perspektivləri haqqında geniş məlumat verdi. Ceyhun Məmmədov həmçinin gənclərə motivasiya verərək, bu sahədə uğurlu olmağın yollarından danışdı və şəxsi təcrübələrini bölüşdü.
Tədbirin bədii hissəsi isə dinləyicilərə unudulmaz anlar yaşatdı və emosional rəng qatdı: Səməd Muradovun “Sizə salam gətirmişəm” adlı ifası tədbirə musiqili ahəng bəxş etdi. “Gənclərin Səsi” könüllü platformasının “Natiqlik Klubu” üzvü Fatimə Süleymanlı dilin önəmi ilə bağlı çıxış edərək seçilmiş şeir nümunəsi ilə dinləyiciləri heyran etdi. “Zirvə Gənclərinin İnkişaf Klubu”-nun üzvü Ümüd Rəsulovun duyğulu şeiri tədbirə emosional dərinlik qatdı. Nuru Xudaverdiyevin ifa etdiyi “Xudayar təsnifi” isə hər kəsin qəlbinə toxundu və alqışlarla qarşılandı. Təlim həm bilik, həm də duyğu ilə zəngin anlarla yadda qaldı. Gənclər üçün həm peşəkar, həm də mənəvi baxımdan böyük töhfə verən bu tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.