İtaliyada təhsil almaq, işləmək və ya müxtəlif rəsmi prosedurları həyata keçirmək istəyən Azərbaycan vətəndaşları üçün vacib tələb gündəmə gəlib. İtaliyanın Azərbaycandakı səfirliyi bəzi rəsmi sənədlərin təqdim olunması zamanı apostil təsdiqinin zəruri olduğunu diqqətə çatdırıb.Bu tələb xüsusilə İtaliyada istifadə edilməsi nəzərdə tutulan Azərbaycan mənşəli rəsmi sənədlərə aiddir. Doğum sənədləri notarial qaydada təsdiqlənmiş sənədlər və digər rəsmi arayışlar müvafiq prosedurlara uyğun hazırlanmalıdır.
Bəs apostil nədir və nə üçün tələb olunur?
Apostil bir ölkədə verilmiş rəsmi sənədin digər ölkədə tanınması üçün onun üzərindəki imzanın, möhürün və sənədi imzalayan şəxsin səlahiyyətinin həqiqiliyini təsdiqləyən xüsusi ştampdır. Bu təsdiq sənədin İtaliyada rəsmi prosedurlarda istifadəsini asanlaşdırır. Sənədlərin hazırlanması zamanı yalnız apostil məsələsinə deyil, tərcümə tələblərinə də diqqət yetirilməlidir. Belə ki, sənədlərin italyan dilinə tərcüməsi və tərcümənin təsdiqi ilə bağlı əlavə prosedurlar tələb oluna bilər. Qeyd edək ki, apostil bütün sənədlərə avtomatik tətbiq edilmir. Tələblər sənədin növündən və istifadə məqsədindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən İtaliyaya sənəd təqdim etməyi planlaşdıran şəxslərə müraciətdən əvvəl səfirliyin müvafiq qaydalarını yoxlamaq tövsiyə olunur.