TƏCRÜBƏDƏN QAZANDIQLARIM


2025-ci ilin fevralından may ayına qədər Bakı Slavyan Universitetinin tələbəsi olaraq Avrasiya Tərcümə Mərkəzində istehsalat təcrübəsi keçmək şansı qazandım. Bu dövr mənim üçün həm biliklərin praktik tətbiqi, həm də peşəkar mühitlə tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb etdi.

Təcrübə zamanı iştirak etdiyim mərkəz müxtəlif sahələr üzrə tərcümə xidmətləri təqdim edirdi. Burada mən həm rəsmi sənədlərin, həm də müxtəlif janr və üslublara aid mətnlərin tərcüməsi ilə məşğul oldum. Tərcümə prosesində dəqiqlik, düzgünlük və üslub uyğunluğu əsas prinsiplərdən idi. Bundan əlavə, mətnlərin düzgün təqdim olunması bacarıqlarımı da inkişaf etdirdim. Xüsusilə rəsmi sənədlərin tərcüməsində diqqət, məsuliyyət və peşəkar yanaşmanın nə qədər vacib olduğunu dərk etdim.
Bu təcrübə mənim şəxsi inkişafıma da böyük təsir göstərdi. Mən komanda ilə işləmək, eyni zamanda fərdi şəkildə məsuliyyət götürmək vərdişləri qazandım. Müxtəlif mövzularda mətnlər üzərində çalışmaq isə həm dünyagörüşümü genişləndirdi, həm də yeni terminlərlə tanış olmağımı təmin etdi.

Mənim fikrimcə, istehsalat təcrübəsi yalnız bir neçə ayla məhdudlaşmamalıdır. Tədris illəri boyu davamlı şəkildə tətbiq edildiyi halda, tələbələrin peşəkar bacarıqları daha güclü formalaşa bilər. Bu isə gənc mütəxəssislərin gələcəkdə əmək bazarına daha hazırlıqlı və rəqabətqabiliyyətli çıxmasına şərait yaradar.

Nəticə etibarilə, Avrasiya Tərcümə Mərkəzində keçdiyim təcrübə mənim üçün çox dəyərli oldu. Burada qazandığım bilik və bacarıqlar həm təhsilimdə, həm də gələcək peşəkar fəaliyyətimdə mühüm rol oynayacaq. Mən inanıram ki, bu təcrübə gələcəkdə tərcüməçi kimi uğur qazanmağım üçün möhkəm bir baza yaratdı.

Müştərilər

Zəng sifariş et

Mesajınız qəbul olundu!
Ən qısa zamanda müvafiq şöbə tərəfindən sizinlə əlaqə saxlanılacaq.

Təşəkkür edirik!
WhatsApp-a yazın